Türkiyənin Azərbaycandakı səfiri “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub

Türkiyənin Azərbaycandakı səfiri “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub
14.04.2017

14 aprel 2017-cil tarixində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa “ABAD” publik hüquqi şəxs tərəfindən yaradılmış sənətkarlıq mərkəzi haqqında məlumat verib.

O bildirib ki, mərkəz “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiyası Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulub.

İnam Kərimov qeyd edib ki, sənətkarlıq mərkəzində Azərbaycanın müxtəlif regionlarından olan sənətkarların əl işlərinin sərgi-satışı təşkil olunub.

Bildirilib ki, fəaliyyətə başladığı ilk gündən böyük turist axını ilə qarşılaşmış mərkəzdə təqdim olunan milli suvenirlərinin hər birinin üzərində onu hazırlayan ailə haqqında məlumat verilir. Bundan başqa, quraşdırılmış monitorlarda həmin əl işlərinin hazırlanma prosesi əks olunur.

Səfir Erkan Özoral “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyətini müsbət qiymətləndirərək, fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə səfir Erkan Özorala, həmçinin “TİKA”nın Bakı proqram koordinatoru Adəm Urfaya “ABAD”a qoşulmuş sənətkarların hazırladıqları milli suvenirlər təqdim olunub.