“ABAD” Masallı və Balakəndə ailə təsərrüfatlarına dəstək oldu

“ABAD” Masallı və Balakəndə ailə təsərrüfatlarına dəstək oldu
09.05.2017

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirir.

Ulu Öndərin anadan olmasının növbəti ildönümü ərəfəsində “ABAD”ın Masallı və Balakən rayonlarında fəaliyyət göstərən regional mərkəzləri tərəfindən qeyd olunan bölgələrdə yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim olunub.

Bu monoblok-konteynerlərdə pendir, cem və mürəbbə məhsullarının istehsalı üçün bütöv istehsal xətti yaradılıb.

Avadanlıqlar əvvəllər kustar üsulla ərsəyə gələn məhsulların bütün standartlara cavab verən şəraitdə hazırlanmasına imkan verir.

Bundan başqa, “ABAD”çı ailələrin istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işləri də həyata keçirilir.

“ABAD”çı ailələrin istehsal etdiyi məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı “ABAD” tərəfindən təşkil olunur.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılıb və ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb.

Məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

“ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib.

İndiyədək “ABAD” tərəfindən Masallı və Balakən rayonlarında 18 ailə təsərrüfatına monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub.

Hazırda “ABAD”a müraciət etmiş digər ailə bizneslərinə müvafiq dəstək göstərilməsi istiqamətində işlər davam edir.