ABADçı: Rəna Qurbanova | Region: Bakı | Bədii gəlinciklər
Balakən rayonunda dünyaya gələn Rəna Qurbanova artıq beş ildən çoxdur ki, əl işləri ilə məşğuldur. Onun sənətə olan marağı uşaqlıq illərindən başlayır. Valideynlərinin hazırladığı əl işlərini diqqətlə izləmək Rəna xanım üçün üçün böyük zövq olub və məhz həmin illər onda yaradıcılığa, xüsusilə də oyuncaqlara qarşı dərin bir sevgi formalaşdırıb. Rəna Qurbanova bu hissləri belə xatırlayır:
“Valideynlərimi işləyərkən izləmək mənim üçün böyük zövq idi. Elə o vaxtlardan oyuncaqlara qarşı sevgim yarandı.”
Zaman keçdikcə bu maraq daha da güclənib. Rəna xanım hazırladığı gəlinciklərdə milli ornamentlərə üstünlük verərək hər bir əl işində mədəniyyətimizin incə və dəyərli detallarını yaşatmağa çalışır. Ətrafındakı insanların onun yaradıcılığına göstərdiyi maraq bu yolda daha inamla irəliləməsinə səbəb olub.
Fəaliyyətinin ilk illərində məhsullarını sosial şəbəkələr vasitəsilə təqdim edən Rəna Qurbanova sənətini daha geniş auditoriyaya çatdırmaq arzusu ilə “ABAD”a üzv olub. Bu gün isə onun milli ruhu əks etdirən gəlinciklərini “ABAD” etno-butiklərindən əldə etmək mümkündür.