Oktyabrın 12-dən etibarən Dənizkənarı Milli Park ərazisində keçirilən Çay Festivalında “ABAD” publik hüquqi şəxs öz stendi ilə təmsil olunur.
Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə baş tutan festivalın əsas məqsədi Azərbaycanın zəngin çay mədəniyyətini və milli ənənələrini tanıtmaq, yerli istehsalçıların fəaliyyətini təşviq etmək, eləcə də çay süfrəsi ətrafında formalaşmış qonaqpərvərlik dəyərlərini yaşatmaqdır.
Festival çərçivəsində fəaliyyət göstərən “ABAD” stendində ailə təsərrüfatları tərəfindən istehsal olunan çeşidli qida məhsulları, o cümlədən Azərbaycanın müxtəlif bölgələrinə məxsus çaylar, təbii bal və mürəbbələr ziyarətçilərə təqdim edilir.
Bununla yanaşı, stenddə “ABAD”çı sənətkarların əl işləri, milli ornamentlərlə işlənmiş suvenirlər, dekorativ-tətbiqi sənət nümunələri və çay mədəniyyətini əks etdirən müxtəlif məhsullar nümayiş olunur. Ziyarətçilər yerli istehsal və sənətkarlıq nümunələri ilə yaxından tanış olmaq, həmçinin bəyəndikləri məhsulları əldə etmək imkanı qazanırlar.
“ABAD”ın festivalda iştirakı ailə təsərrüfatlarının və sənətkarların məhsullarının daha geniş auditoriyaya təqdim olunmasına, yerli istehsalın təşviqinə və milli sənətkarlıq ənənələrinin tanıdılmasına xidmət edir.
Qeyd edək ki, Dövlət Kukla Teatrının yaxınlığında təşkil olunan Çay Festivalı oktyabrın 18-dək davam etməklə hər gün saat 12:00-dan 23:00-a qədər ziyarətçilər üçün açıq olacaq. Festivala giriş sərbəstdir.