× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

Qubada “ABAD” Mərkəz və “ABAD” Məktəb açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak ediblər. Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “ASAN xidmət” Mərkəzi, “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də oldular. “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verdi ki, Kompleksdəki “ABAD” Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir. Sonra dövlətimizin başçısı “ABAD”çı ailələrin hazırladıqları yeni məhsullara baxdı. Qeyd edildi ki, “ABAD” publik hüquqi şəxs tərəfindən Azərbaycanın 19 şəhər və rayonundan ümumilikdə sənətkarlıqla bağlı 143, kənd təsərrüfatı sahəsi üzrə isə 24 ailə seçilib. Bu günədək Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”a qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Şamaxının Dəmirçi kəndində “ABAD” sərgi-satış mərkəzləri yaradılıb. Hazırda “ABAD” sərgi-satış mərkəzlərində 167 “ABAD”çı ailənin ümumilikdə 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur. “ABAD” Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq. Məktəbin maddi-texniki təchizatı "Paşa Holdinq"in dəstəyi ilə təmin edilib.  Dövlətimizin başçısı cənab İlham Əliyev görüşdə çıxış zamanı "ABAD"ın fəaliyyətini də qeyd etdi: "Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir". Kompleksin əməkdaşı Fəxriyyə Balakişiyeva da çıxışı zamanı Qubada “ABAD" mərkəz və “ABAD məktəb”in açılışından danışdı: -Möhtərəm cənab Prezident. Hörmətli Mehriban xanım. Mən də öz adımdan Sizi salamlayıram. Bu gün Qubada istifadəyə verilən “ASAN xidmət”lə yanaşı, “Ailə Biznesinə Asan Dəstək” - “ABAD” mərkəzi də fəaliyyət göstərəcək. Bu, region sakinlərini hədsiz dərəcədə sevindirir. Çünki sakinlərimizin əksəriyyəti kənd təsərrüfatı ilə, sahibkarlıqla məşğuldur və onların dəstəyə ehtiyacı var. Artıq “ABAD” mərkəzinin regionumuza gəlməsi nəticəsində həmin şəxslərə dəstək veriləcək, onlar öz zəhmətlərinin qarşılığını görəcək və daha səylə çalışacaqlar. Eyni zamanda, Quba şəhərində ilk “ABAD məktəb” də fəaliyyətə başlayacaq. Regionumuzda Azərbaycanın adət-ənənələrini özündə əks etdirən və vaxt keçdikcə itməkdə olan kifayət qədər peşə sahələri var ki, məhz “ABAD məktəb”lər sayəsində həmin peşələr də təkrar inkişaf edəcək və iqtisadiyyatımıza töhfə verəcək. “ABAD məktəb”in yaradılması ilə məhz regionumuzun rifahı yüksələcək, vətəndaşlarımızın həyat səviyyəsi daha da yaxşılaşacaq. Sizin də vurğuladığınız kimi, artıq kiçik ailə biznesi ilə məşğul olan şəxslər də, kiçik və orta sahibkarlar da iqtisadiyyata, sosial inkişafa öz töhfələrini verəcəklər.


“ABAD”çı ailələrin məhsulları onlayn satışa çıxarıldı

01 noyabr 2017-ci il tarixindən etibarən “ABAD” publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının məhsullarının onlayn satışına başlanılıb. İndi “ABAD” leybli və ailə brendləri altında təqdim olunan məhsulları www.abad.shop.az ünvanına daxil olaraq sifariş edə bilərsiniz. Onlayn satışların təşkilində məqsəd ailə təsərrüfatlarının hazırladıqları məhsulların daha geniş satışını təşkil etməkdir. Alıcılar bəyəndikləri məhsul növünü (həm əl işləri, həm də ərzaq məhsulları) seçərək, növbəti mərhələdə öz əlaqə məlumatlarını daxil etdikdən sonra məhsulu sifariş edə bilərlər. Məhsullara görə ödəniş nağdsız qaydada aparılır. Satışlardan əldə olunmuş vəsait birbaşa “ABAD”çı ailələrin bank hesablarına köçürülür. “ABAD”çı ailə təsərrüfatlarının məhsulları bütün gigiyena və uyğunluq göstəricilərinə tam cavab verir. Tərkibində heç bir konservantların olmadığı bu məhsullar həmçinin özünəməxsus və təbii dadı ilə fərqlənir. Hazırda “ABAD” tərəfindən Masallı və Balakən rayonlarından ailə təsərrüfatlarının cem və mürəbbə məhsulları təqdim olunur. Gələcəkdə məhsul çeşidlərinin genişləndirilməsi, ət və süd məhsullarının onlayn satışının təşkil edilməsi nəzərdə tutulur. Qeyd edək ki, www.abad.shop.az saytı vasitəsilə sifariş edilmiş məhsulların bütün Respublika üzrə çatdırılması həyata keçirilir. Azərbaycanda ailə təsərrüfatlarına asan dəstək konsepsiyasını həyata keçirən “ABAD” publik hüquqi şəxsi 23 sentyabr 2016-cı ildə yaradılıb. “ABAD” ərzaq məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı olmaqla, iki prioritet istiqamət üzrə fəaliyyət göstərir.


ABADçı ailələrin məhsulları “Bravo” supermarketlər şəbəkəsində

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları “Bravo” supermarketlər şəbəkəsində satışa çıxarılıb. Belə ki, “ABAD”çı ailələrin məhsullarını “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Bravo” supermarketində və Xaqani 26/32 ünvanında (keçmiş “Tahir 97” mağazası) fəaliyyət göstərən “Bravo ekspress”dən əldə etmək mümkündür. Təqdim olunan cem və mürəbbə məhsulları Masallı və Balakən rayonundan olan “ABAD”çı ailə təsərrüfatları tərəfindən hazırlanıb. Məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və dizayn altında təqdim olunur. İlkin mərhələdə satışa çıxarılmış mürəbbə brendləri aşağıdakılardır: “Balməkan”, “Dənə-dənə” , “Yay səbəti” , “Bağımızın bəhrəsi”, “Budaqdan”, “Bal kimi”, “Meyvə bağı”. Qarşıdakı müddətdə “ABAD”çı ailə təsərrüfatları tərəfindən təqdim olunan məhsulların çeşidinin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, “Kəndli”, “Bizim nemət” brendləri altında kolbasa, “Şərəfə”, “Hənifə” brendləri altında pendir məhsulları satışa çıxarılacaq. “ABAD”çı ailələrin hazırladığı məhsullar tam təbiidir və tərkibində heç bir kimyəvi qatqı yoxdur. Bu məhsullar ailə təsərrüfatlarına “ABAD” tərəfindən təqdim olunmuş avadanlıqlardan istifadə etməklə hazırlanıb. Hər bir məhsul müvafiq qaydada yoxlamadan keçərək, uyğunluq və gigiyena sertifikatları alıb. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. “ABAD” pilot layihə olaraq, Masallı və Balakən rayonlarında fəaliyyət göstərir.


Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başladı

22 avqust 2017-ci il tarixində Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb. Sayca üçüncü olan belə mərkəzlərdən birincisi turistlərin sıx olduğu “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsinin ərazisində, ikinisi isə Azərbaycana hava nəqliyyatı ilə səfər edən turistlərin tələbatını qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yaradılıb. “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, sayca üçüncü olan “ABAD” sərgi-satış mərkəzlərində 130 ailənin 1650 adda 5000-dən çox sənət nümunəsi, 9 ailənin isə 40 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb. Rüfət Elçiyev həmçinin qeyd edib ki, sərgi-satış mərkəzinin məhsullarının 90% alıcısı ölkəmizə gələn turistlərdir və istəyin çoxluğunu nəzərə alaraq gələcəkdə “ABAD” sərgi-satış mərkəzlərinin 5 ulduzlu otellərdə açılması nəzərə tutulub. Bakı Dəmir Yolu Vağzalında yaradılan “ABAD” sərgi-satış mərkəzi xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırlıb. Mərkəzdə Azərbaycanın müxtəlif regionlarından nəfis əl işləri, bal və mürəbbə kimi turistlərin böyük maraq göstərdiyi ərzaq məhsulları təqdim olunur. Burada təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda “ABAD”ın Masallı və Balakən rayonlarında regional mərkəzləri, Bakı şəhəri üzrə üç sərgi-satış mərkəzi fəaliyyət göstərir.


Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb

18 avqust 2017-ci il tarixdə Balakən rayonunda “ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları paytaxt Bakı şəhərində satışa çıxarılıb. Təqdim olunan cem və mürəbbə məhsulları beş “ABAD”çı ailə tərəfindən hazırlanıb. Məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və uyğun dizayn altında təqdim olunur. İlkin mərhələdə məhsulları satışa çıxarılmış ailə brendləri aşağıdakılardır: “Balməkan” (Bazarovların ailə təsərrüfatı), “Dənə-dənə” (Bağırovların ailə təsərrüfatı), “Yay səbəti” (Əliyevlərin ailə təsərrüfatı), “Bağımızın bəhrəsi” (İbrahimovların ailə təsərrüfatı), “Budaqdan” (Xəlilovların ailə təsərrüfatı). Bu məhsullar “ABAD” tərəfindən verilmiş texnoloji avadanlıqlardan istifadə etməklə ailə təsərrüfatlarında hazırlanıb. “ABAD”çı ailələrin tərkibində heç bir qatqı olmayan tam təbii məhsulları özünəməxsus dadı ilə fərqlənir. Ailələr mürəbbə və cemlərin hazırlanmasında bağlarından topladığı meyvələrdən istifadə edirlər. Bundan başqa, məhsullar müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından keçiblər. Beş “ABAD”çı ailənin cem və mürəbbə məhsulları hazırda “İçərişəhər”də və Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yerləşən “ABAD” mərkəzlərində satışa çıxarılıb. Qarşıdakı müddətdə “ABAD”çı ailə təsərrüfatlarının məhsulları böyük supermarketlər şəbəkələrində satışa çıxarılacaq. Bundan başqa, tezliklə “ABAD”çı ailələr tərəfindən hazırlanmış ət və süd məhsulları, yeni cem və mürəbbə brendləri istehlakçılara təqdim olunacaq. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. İlkin mərhələdə “ABAD” pilot layihə olaraq, Masallı rayonunda fəaliyyətə başlayıb. 21 oktyabr 2016-cı il tarixdə “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib. 3 avqust 2017-cı il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Balakəndə regional “ABAD” mərkəzinin inzibatı binasının açılışı baş tutub.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar