ABADçı: Mətanət Hüseynova | Region: Bakı | Dekorativ şam
Fərqli ixtisas üzrə təhsil alan Mətanət xanım qeyd edir:
“İlk dəfə bacıma düzəltdiyim dekorativ şam məni bu sahəyə cəlb etdi. İnternet resurslarından əl etdiyim biliklər nəticəsində ərsəyə gətirdim bu əl işi çoxları tərəfindən bəyənildi. Elə həmin gündən etibarən qərara gəldim ki, bu sənətə davam edim və özümü daha da təkmilləşdirim”.
İstehsal prosesində xammal olaraq təbii parafindən istifadə edən Mətanət xanım məhsulların allergik təsir göstərməməsinə xüsusi diqqət edir.
O, şamların bəzədilməsi və ətirləndirilməsi üçün müxtəlif xarici ölkələrdən rənglər, ətirlər sifariş edir.
Hazırladığı şamlar üzərində daha çox müxtəlif milli üslubda naxışlar əks etdirməyə üstünlük verən Mətanət xanım, həmçinin dekupaj və rəngkarlıq sənətlərinin nümunələrinə aid təsvirlərdən də istifadə edir.
Dekorativ şamların hazırlanması sahəsində ailə biznesini qurmağa səy göstərən Mətanət xanım bu işdə dəstək üçün “ABAD”a müraciət edib.
“ABAD” Hüseynovların ailə biznesinə hüquqi yardım, dizayn və brendinq, satışın təşkili kimi xidmətlər göstərib.
Məhsul satışını genişləndirmək üçün zəruri marketinq araşdırmaları aparıldıqdan sonra ailənin əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.