Leyla Əliyeva gənc arıçılar ilə görüşüb
Leyla Əliyeva görüşdə gənc arıçılarla səmimi söhbətlər edib, onların fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübələri və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib. Öz növbəsində, gənc arıçılar Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar süzdükləri ilk balı xüsusi qablaşdırmada Leyla Əliyevaya hədiyyə ediblər.Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai
Birliyinin təşəbbüsü və “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər
Fondu, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc
arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc
arıçı dəstəklənib və onlar artıq özlərinin ilk məhsullarını əldə etməyə
başlayıblar.
Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq
təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal
istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan
layihə çərçivəsində seçilən 20 nəfər gəncə peşəkar bal istehsalçısı olan “ABAD”çı Yusif
Quliyev tərəfindən xüsusi təlimlər keçirilib. Təlimləri başa vuran gənclər
arıçılıq təsərrüfatı üçün zəruri arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən
aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri
istiqamətində lazımi şərait yaradılıb.
Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması,
brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu
dəstək bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə
çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına
çıxarmalarına və satışının səmərəli təşkilinə xidmət edəcək.