ABADçı: Zümrüd Xaliqova | Region: Astara | Toxuculuq
Toxuculuq sahəsində çalışan ABADçılarımızdan daha biri də Zümrüd Xaliqovadır. O, evdar xanımdır və 3 övladı var. Toxuculuq sənətini xüsusi kataloqlarla özü öyrənib və təcrübəsini artırmağa davam edir.
“Əvvəlcə övladlarım üçün geyimləri toxumağı öyrəndim. Geyimlər çox rəngarəng alınırdı, bir çox insanın zövqünü oxşayırdı. Yavaş-yavaş sifarişlər almağa başladım. Az da olsa ilk gəlirim bu işlərimdən oldu və məni daha da ruhlandırdı. Sonra “ABAD” adlı qurum haqqında məlumat aldım. Etiraf edim ki, əl işlərimin bəyəniləcəyinə o qədər də inanmırdım. İlk cəhdim zamanı müsahibədə qəbul etmədilər, məsləhətlər aldım. Öz üzərimdə işlədim və yarım ildən sonra yenidən müraciət etdim”.
ABADçı adını qazanandan sonra Z.Xaliqova suvenirlər hazırlamağa, öz əl işlərini daha çox milli istiqamətdə hazırlamağa başladı.
“Gəlirim də artdı, əl işlərimə verilən dəyər də. Bir çox qapılar üzümə açıldı. Artıq sərgilərə dəvət alıram, dekorativ-tətbiqi xalq sənətkarları arasında öz yerimi tuturam. Sahibkar qadın assosiasiyalarının üzvü oldum, xarici dizaynerlərlə iş birliyinə başladım. Həyatımda bir çox yeniliklər baş tutdu və inanıram ki, irəlidə daha mühüm işlər görərək, kiçik sahibkarlıqda öndə gedən şəxslərdən biri olacam”.
Qeyd edək ki, Zümrüd Xaliqovanın toxunma suvenirləri “ABAD” etno-butiklərində təqdim olunur.