ABADçı: Günel Həsənova | Region: Bakı | Bədii gəlinciklər





Günel Həsənova 1984-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsini bitirməsinə baxmayaraq, o hər zaman sənətə və milli dəyərlərə dərin maraq göstərib.
Artıq 12 ildən çoxdur ki, əl işləri ilə məşğul olan Günel xanım bu sahəyə olan marağının əsas qaynağını belə izah edir: “Anam evdar qadın olsa da, çox gözəl əl qabiliyyəti var idi. Müxtəlif əl işləri hazırlayırdı və mən heyranlıqla onu izləyirdim. Düşünürəm ki, sənətə olan sevgim də məhz buradan qaynaqlanır.”
Milli ornamentlərə, tarixə və mədəniyyətimizi əks etdirən əşyalara xüsusi həvəs göstərən Günel Həsənova sənət yoluna ilk olaraq qızına milli üslubda gəlinciklər tikməklə başlayıb. Ətrafındakı insanların onun əl işlərini bəyənib maraq göstərdiyini gördükdən sonra bu sahəni daha da inkişaf etdirməyə qərar verib.
Günel xanım Azərbaycan xalq nağıllarının sevilən qəhrəmanları — “Cırtdan”, “Tıq-Tıq xanım” və “Göyçək Fatma” kimi obrazları öz əl işlərində canlandırır. Bu qəhrəmanlar onun gəlincik kolleksiyasında xüsusi yer tutur və əlavə etdiyi unikal detallar sayəsində hər biri fərqli bir xarakter qazanır. Milli üslubda gəlinciklər və nağıl qəhrəmanları ilə yanaşı, Günel xanım qədim xalq qəhrəmanlarını və müxtəlif ölkələrin milli geyimlərində olan gəlinciklərini də hazırlamağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, Günel Həsənovanın gözoxşayan əl işlərini “ABAD” etno-butiklərindən əldə etmək mümkündür.