ABADçı: Fərid Sadıqlı | Region: Bakı | Dekorativ - tətbiqi sənət
“ABAD”ın kiçik və orta sahibkarlara dəstək çərçivəsində əməkdaşlıq etdiyi Fərid Sadıqlı “Mütəkkə” MMC-nin rəhbəridir.
Onun rəhbərlik etdiyi qurum müxtəlif tərtibatlarda mütəkkələr, ortopedik yastıqlar kimi məhsulların istehsalını həyata keçirir.
Fərid Sadıqlı öz fəaliyyətində xarici ölkələrdə qarşılaşdığı boyun yastıqlarının Azərbaycanda istehsalının təşkili ilə başlayıb və hazırda rəhbəri olduğu şirkəti qurub.
Bu gün onun rəhbərliyi altında hazırlanan müxtəlif mütəkkələr, ortopedik yastıqlar birbaşa funksiyası ilə yanaşı, həm də zərif görünüşü ilə fərqlənirlər. Hər bir məmulatın üzərində Azərbaycan mədəniyyətinin müxtəlif elementlərinə yer verilir.
“Molla Nəsrəddin” jurnalından götürülmüş obrazlar, Şəki Xan sarayı kimi tarixi abidənin gözoxşayan naxışlarından istifadə edən Fərid Sadıqlı məhsulların dizaynlarının hazırlanmasına birbaşa nəzarət edir.
Fərid Sadıqlının sözlərinə görə, bu gün rəhbəri olduğu şirkətin öz biznesində daha da püxtələşməsi, inkişafı üçün dəstəyə ehtiyacı hiss olunur. O, bu məqsədlə “ABAD” publik hüquqi şəxsə müraciət edərək, hazırladığı məhsulların satışlarının təşkili ilə bağlı kömək istəyib.
“ABAD” ilə əməkdaşlıq haqqında müqavilə bağlayan sahibkarın təqdim etdiyi məhsulları bu gün “İçərişəhər”də, “ABAD” sənətkarlıq mərkəzində əldə etmək olar.