ABADçı: Məmməd Rəşidov | Region: Bakı | Suvenirlər
ABADçı Məmməd Rəşidov Bakı şəhər sakinidir. Müasir heykəltaraşlıqla həyat yolunu addımlayan sənətkar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur:
“İnstalyasiyalar, müasir incəsənət obyektləri, heykəllər, ümumi vizual incəsənət xüsusi maraq dairəmdir. İncəsənətə uşaqlıqdan can atıram. Anam dekorativ-tətbiqi xalq sənətkarlığının bir çox istiqamətini bacarır. Mən də onun əl işlərinə baxaraq bu sənəti sevməyə başladım. Özüm də sənətimdə milli ruha böyük önəm verir, bizim milli tarixi abidələlərimizi, ornamentlərimizi, milli atributları, etnik formaları istifadə edərək müasir kompozisiyalar hazırlayıram. Ən çox Qobustan qaya rəsmləri və Abşeron motivlərindən ilhamlanıram”.
M. Rəşidov dediyinə görə, qədim obrazları müasir elementlərə əks etdirərək gələcək nəsillərə mesajlar ötürür, yəni əl işləri yalnız suvenir kimi deyil, bir konseptual kompozisiya olaraq dərin məna daşıyır.
Artıq bir neçə müddətdir ki, Məmməd Rəşidov ABADçılar arasında öz layiqli yerini tutur:
“ABAD” dan öncə əl işlərimi bir neçə art qalereyalara, suvenir butiklərinə, art salonlara təhvil verirdim. Amma onların faiz siyasəti məni heç də qane etmirdi. Sözsüz özümün həm korporativ, həm də individual müştərilərim də var idi. Lakin “ABAD” məni öz fəaliyyət istiqaməti ilə cəlb etdi. Qurum yarandığı zamandan qoşulmaq qərarına gəldim və müəyyən səbəblərə görə bu prosesin çox çətin olduğunu düşündüm. Bu zaman anam məndən daha tez hərəkət edərək ABADçı oldu. Onun nümunəsində prosesin necə rahat olduğuna şahidlik etdim və özüm də qoşuldum. Çox məmnunam ki, əl işlərim uyğun qiymətə satışa çıxarılır və hər kəs üçün daha da əlçatan olub. Bir sənətkara da nə lazımdır? Onun əl işi müştəri tərəfindən həm əldə edilsin, həm də sevə-sevə hədiyyə kimi təqdim olunsun. Biz də öz növbəmizdə artıq satışı deyil, daha çox Azərbaycan mədəniyyətini təbliğ və inkişaf etdirməyi düşünək”.
Qeyd edək ki, Məmməd Rəşidov füsunkar əl işlərini
“ABAD” etno-butiklərində və @ABADhandicrafts Instagram səhifəsindən əldə edə
bilərsiniz.