ABADçı: Xalid Sultanov | Region: Lənkəran | Süd məhsulları
Lənkəran şəhəri sakinləri Sultanovlar ailəsi
süd məhsullarının istehsalı üzrə fəaliyyət göstərirlər. Həyətyani sahəsində
qurduqları və qanunvericiliyin tələblərinə cavab verən kiçik süd məhsuları
emalı sexlərində nehrə yağı, bir neçə növ pendir, şor, süzmə, qatıq, qaymaq və
s. kimi təbii məhsullar istehsal edirlər.
Xalid Sultanovun dediyinə görə, o bu işi Azərbaycanda
süd məhsulları istehsal edən ən iri şirkətlərin birində uzun illər mütəxəssis
kimi çalışdığı zaman öyrənib:
“İri zavodda işləyərkən ən çox pendir işini bəyənirdim.
Sonra özümüz, ailəmiz üçün ilk növbədə eksperimental bir istehsalat qurdum. Məhsullarımızı
öncə özümüz istehlak edir, daha sonra qohum-tanışlara da təklif etdik. Beləliklə,
pendirimiz haqqında səs-səda yavaş-yavaş dövriyyə yığmağa başladı.”
İşlərini daha da təkmilləşdirmək naminə
Sultanovlar ailəsi daha müasir avadanlıqlarla standartlara uyğun bir emal sexi
qurdular. Və məshul çeşidini də artırdılar:
“Məhsullarımızı Cənub regionunun bir
çox iaşə obyektlərinə, satış məntəqələrinə və individual sifarişçilərə təqdim
edirik. Daim keyfiyyət və təbiiliyi qorumaq üzərində də çalışırıq.
Lakin məhsullarımızın bir vahid brendi yox idi və brendin daha böyük bazarlara
çıxışı üçün mövcudluğunu gözəl anlayırdıq.”
Məhsulların TŞ (texniki şərtlərə) tam uyğun
olması, iri marketlər şəbəkəsində satışların təşkili və ümumiyyətlə işlərin
yeni mərhələyə qədəm vurması üçün Sultanovlar ailəsi “ABAD”a müraciət etdi.
Onların artıq “Sultan süd” brendi altında məhsulları bütün iri marketlər şəbəkəsində
satışdadır.