ABADçı: Nərminə Mütəllibova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
İllər öncə bu sənətə başlayan Nərminə xanım əvvəllər xammal kimi tələb olunan hörülmüş kəndir tapmaqda çətinlik çəkirdi.
Ailə biznesinin inkişafında dəstək üçün “ABAD”a müraciət edən sənətkar xammalın tədarükü, satışın təşkili kimi qarşılaşdığı çətinliklərin öhdəsindən uğurla gəlib.
Bir çox sənətkarlıq sahəsində özünü sınamış və bütün istiqamətlərdə uğur qazanan Nərminə xanım qeyd edir:
“Uşaq vaxtı nənəmin bədii tikmə üzrə hazırladığı əsrarəngiz əl işləri bu gün də göz oxşayır. Mən də onun əl işlərini seyr edərək böyümüşəm. Müxtəlif ölçü və tərtibatlarda dekorativ divar lövhələri, dibçək altlıqları hazırlamış, zaman keçdikcə bu sənəti təkmilləşdirərək, digər əl işlərimi də hazırlamağa başlamışam. İlk dəfə isə 1987-ci ildə fərdi sərgim olub.”
Qeyd edək ki, hazırda o milli üslubda araxçın və bijüteriyalar da hazırlayır.
Sənətkar eyni zamanda adını ərəb mənşəli “makrame” sözündən alan və “düyünlü hörgü” kimi tərcümə olunan sənətkarlıq sahəsindən müxtəlif əl işləri təqdim edir.
Bu gün Nərminə Mütəllibovanın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.